f19a0d09c032c0bfd323bf7265257757

25-12 Yaxşı əməllər savaba yazılır

Ramazan ayı paylaşma və bərabərlik ayıdır. Bu ayda insanlar bir-birini ziyarət edir, imkanlılar imkansızlara əl tutur. Bu ayın özəlliklərindən biri də xeyirxah insanların xəstə, tənha, kimsəsiz insanlara baş çəkib, könlünü ovundurmasıdır. Məhəmməd Peyğəmbər (ə.s) buyurub ki, xəstələrin qəlbini sevindirməyin və darda qalanların ehtiyacını ödəməyin yaxşı əcri var. Ehtiyac zamanı iş görmək fikri bir tufan kimi beyninə hücum edir və ciynimizdən yükü götürür. Bu baxımdan Ramazan ayı ən münasib aydır ki, könlündə, qanında xeyirxahlıq olan insanlar məhz Ramazanda əllərindən gələn xeyirxahlığı edirlər. Sevinc xanım Ağaxəlil qızı da xeyriyyəçi insanlardandır. O, daim kimsəsizlərə, xəstələrə, imkansız adamlara əl tutmağı, yardım etməyi özünün insanlıq borcu sayır. Sevinc xanım hər zaman oruc tutur, namaz qılır, ibadətini bir gün də olsun unutmur. Bir neçə gün idi ki, Sevinc xanım deyirdi mən Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionata getmək istəyirəm. Bu əziz günlərdə onlara hər hansı köməklik etmək fikrindəyəm. Sevinc xanımın bu istəyinə Azərbaycan Qızıl Aypara Cəmiyyətin Sabunçu rayon bölməsinin sədri Elmira xanım Məlikova dəstək oldu. Öyrəndi ki, həmin pansionatda 62 nəfər yataq xəstəsi var. Sevinc xanım öz vəsaiti hesabına onlar üçün gündəlik gigiyenik dəstlər, ən çox işlənən dərman ləvazimatı, qadınlar üçün gecə köynəyi, şirniyyat və meyvə almışdı. Elmira xanım da rayon bölməsi adından şirniyyat alıb aparmışdı.

Həmin gün pansionatın işçiləri, daha doğrusu həmin yataq xəstələrinə xidmət göstərən Pərvanə xanım və başqa işçilər gələn qonaqları qarşıladılar. Gətirilən payları otaq-otaq gəzib öz əli ilə təqdim etmək üçün Sevinc xanım otaqlara daxil olur, dünyanın müxtəlif amansızlığına tuş gələrək ömürlərinin qürub çağını kimsəsizlər evində keçirən insanlarla əl tutur, üzündən öpür, başını sığallayırdı. Həm də bu zaman göz yaşlarını saxlaya bilmirdi. Pansionatın sakinlərindən biri olan 81 yaşlı İlyas dayı gah özünü nikbin kimi göstərir, gah da taleyin qədərindən şikayətlənirdi. Bunu yazdığı şeir parçasında daha qabarıq göstərir. O, danışdıqca Sevinc xanım diqqətlə dinləyir və göz yaşları axıdırdı. Yeri gəlmişkən, qeyd edək ki, Sevinc xanım da şairədir. O, da yazdığı şeirlərindən bu könlü sınıq insanlara əzbərdən deyir, bir anlıq da olsa dərdlərini unutdurmaq istəyirdi. Burada olanların əksəriyyəti talelərindən, övladlarının, qohumlarının dönüklüyündən, nankorluğundan şikayət edirlər. Onlara təsəlli etmək üçün Sevinc xanım tez-tez Məhəmməd Peyğəmbərin (ə.s) “Valideynə yaxşılıq edib, onlara məhəbbətlə baxan hər bir övlada Allah əvəzində qəbul olunmuş bir ziyarətin mükafatını əta edəcəkdir” kəlamlarını xatırlatdı. Dedi ki, Allaha hər üey əyandır. Fikir etməyin, hər kəs layiq olduğu cəzanı alacaq. Və yenə də Peyğəmbərin “Hər bir övlad valideyninə yaxşılıq etməlidir, hətta valideyni ona əziyyət vermiş olsa da” kəlamlarını deməklə onları bir növ ovundurmağa çalışırdı. Lakin doğmalarının qayğısından, məhəbbətindən məhrum olub, dövlətin onlara verdiyi bu sığınacaqda ömürlərinin qalan hissəsini tək-tənha yaşayan bu insanlar heç nədən təsəlli tapmayıb, ancaq göz yaşları axıdırdılar. Göz yaşları içində minnətdarlıq etməyi də unutmurdular. Onlara verilən hər bir paya görə dərindən minnətdarlıq bildirirdilər. Övlad nankorluğuna məruz qalan Solmaz xala da göz yaşları içində dedi ki, burada bizə çox yaxşı baxırlar, siz heç nə gətirməsəniz də belə, gəlişiniz bizə yetərlidir. Gözümüz hər an qapıdadır… Çox sağ olun, gəldiniz bizi yad etdiniz. Allah köməyinizdə olsun, gördüyünüz bu xeyirxah əməl savaba yazılsın. Sevinc xanım da dedi ki, bundan sonra hər zaman sizin yanınızda olacağam.

AzQAC Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova da apardığı şirniyyatı sakinlər arasında bölüşdürdü. AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət xanım Qaraxanova da hər bir xəstəyə fərdi yanaşaraq xüsusi qayğı göstərirdi. Elmira xanım Ramazan bayramında imkan olarsa, onlara bir də baş çəkəcəklərini bildirdi.

“Yeni Təfəkkür”

2168 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.